“Experience Azerbaijan” jurnalının ictimaiyyətə təqdimat mərasimi keçirilib
Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən “Experience Azerbaijan” tanıtım jurnalının ictimaiyyətə təqdimat mərasimi keçirilib.
Turizmplus.az xəbər verir ki, jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat təqdim olunur.
Baş tutan tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid jurnalın xarici vətəndaşlara Azərbaycan haqda ətraflı məlumat təqdim etdiyini bildirərək təbliğat metodu olaraq nəşrlərin rolunun mühümlüyündən danışıb. O diqqətə çatdırıb ki, 15 min tirajla yayımlanan və ölkəni beynəlxalq arenada təbliğ edən “Experience Azerbaijan” jurnalı ildə iki dəfə dərc olunur.
Daha sonra jurnalın baş redaktoru və yazarları da fikirlərini tədbir iştirakçılarına çatdırıblar.
Qeyd edək ki, jurnalı onlayn formada keçiddən istifadə edərək pulsuz əldə etmək mümkündür.