Kulinariya mütəxəssisləri Şahın adının əbədiləşdirilməsini xahiş edirlər
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası, ölkənin bütün kulinariya mütəxəssisləri adından və mərhum Şahhüseyn Kərimovun ailəsi adından məşhur aşpazın xatirəsini əbədiləşdirməyi təklif edir. Xatirə lövhələrinin quraşdırılması üçün müvafiq müraciətlər Şahhüseyn Kərimovun anadan olduğu şəhərə yəni, Lənkəran Rayon İcra Hakimiyyətinə və Dövlət Turizm Agentliyinə göndərilib.
Şahhüseyn Kərimov fenomeni və ya insanların onu adlandırdığı kimi, Şah haqqında sonsuz danışmaq olar. Şah təkcə dünyanın hər yerində işləyən yüzlərlə aşpaz yetişdirən müəllim deyil, həm də sözün əsl mənasında müasir Azərbaycan kulinariyasına həyat bəxş edən bir insandır.
İrsi aşpaz ailəsində anadan olan Şah, karyerasına Lənkəranda atasının mətbəxində şagird olaraq başlamışdır, sonra təhsilini 11-ci peşə məktəbində davam etdirmişdir. Artıq 1983-cü ildə Şah Moskva şəhərində keçirilən ümumittifaq sosialist yarışmada qalib olub «Peşəsində ən Yaxşı» Diplomuna layiq görülmüşdür. 1991-ci ildə Şah yenidən SSRİ Ticarət Nazirliyinin keçirdiyi Ümumittifaq müsabiqələrində qalib gəldi, Ermitajda Novruz Bayramına həsr olunmuş tədbirdə milli mətbəxi təqdim etdi və həmkarlar şurasından “Aşpaz 1991” fəxri adına layiq görüldü. 1992-ci ildə tarixdə ilk dəfə Şah Azərbaycanı Frankfurtda Ümumdünya Kulinariya Konqresində təmsil edir. Fəal fəaliyyətinin 20 ili ərzində Şah 158 ölkədə milli mətbəxin təqdimatına rəhbərlik etdi və bunun sayəsində 2000-ci ildə Dünya Kulinariya Assosiasiyası tərəfindən “Minilliyin ulduzu” adına layiq görüldü.
Şahhüseyn Kərimovun şərəfinə 2019-cu ilin May ayında , Azərbaycanın Birinci Aşpazlar Kuboku – Chefs Cup keçirildi və “Qızıl Şah” Milli Mətbəx Çempionatı təsis edildi.
Şahın xatirəsi ölkənin bütün mətbəx mütəxəssisləri üçün dəyərlidir və Şahın milli mətbəxin inkişafına təsirini qiymətləndirməmək olmaz.
Hörmətlə, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası